Premyer Liqanın bombardirinin 20-dən artıq qol vurması çox-çox əvvələ 2013-14 mövsümünə təsadüf edir.
Reynaldo 22 qolla ən yaxşı olmuşdu, ondan öncəki mövsümdə isə Nikolas Kanales 26 dəfə fərqlənməklə uzun illər görmədiyimiz rəqəmlə tanış etmişdi bizləri. Reynaldo ilə Kanalesin gedişindən sonra nəinki 22-26 qol vuran var, heç ona yaxın düşən də yoxdur.
2014-15 Nurlan Novruzov (“Bakı”) – 15 qol
2015-16 Dani Kintana (“Qarabağ”) – 15 qol
2016-17 Rauf Əliyev (“İnter”), Filip Ozobiç, (“Qəbələ”) – 11 qol
2017-18 Baqali Dabo (“Qəbələ”) – 13 qol
2018-19 Mahir Mədətov/Emreli (“Qarabağ”) – 16 qol
2019-20 Mahir Emreli (“Qarabağ”), Peyman Babayi (“Sumqayıt”), Baqali Dabo, Stiven Jozef-Monroz (hər ikisi “Neftçi”) – 7 qol
Razılaşarsız ki, 8 komandalı çempionatda 28 turun baş tutduğu çempionat üçün məhsuldarlıq olduqca aşağıdır. Avropa liqaları ilə müqayisədə fərq özünü aşkar göstərir. Təkcə yarımçıq qalan ötən mövsümə nəzər salsaq - 20 tur və 7 qol.
Cari mövsümdə komandalar arasında rəqabətin artması deyəsən bombardirlərin əhvalına da təsir edib. Düzdür, Namiq Ələsgərovla Mahir Emreli rəqiblərini xeyli qabaqlayır. Amma ilk sırada qərarlaşan 4 futbolçudan 3-nün milli üzvü olması (Mahir, Namiq, Əli) həm Canni de Byazinin üzünü güldürməli, həm də cari mövsümün sonunda bombardirin hesabında heç olmasa 20 qol olacağına ümid verməlidir.
Mahir Emreli (“Qarabağ”) – 11 qol
Namiq Ələsgərov (“Neftçi”) – 10 qol
Əli Qurbani (“Sumqayıt”), Filip Ozobiç (“Qarabağ”) – 7 qol
Mahirlə Filip bu qədər qolu 12, Namiq 14, Əli isə 11 matçda vurub. Bu isə o deməkdir ki, adıçəkilənlər zədələnməsələr, qarşıda bizi bol qollar və yığmanın ifasında məhsuldar oyunlar gözləyir.
Ayaqlarınız dərd görməsin!
HƏBİB