Gənc yaşlarında Türkiyənin U-15, U-16, U-17 millilərinin şərəfini qorumasına baxmayaraq, 17 yaşında ölkəmizin əsas yığmasında debüt etməklə çoxlarını sevindirmişdi. “Fənərbağça”nın əsas komandasında rəsmi matçlarda debüt edə bilməsə də, ordakı 4 illik təcrübə İlqar Qurbanova çox şey qazandırmışdı.
Sonradan “Sivasspor”, “Boluspor”, “Mersin İdmanyurdu”, “Olimpik-Şüvəlan”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”ın şərəfini qorusa da, bu gün futbolsuz qalıb. Offsideplus.az-ın əməkdaşı İlqara gələcək planlarını öyrənmək, ölkə futbolunun hazırkı durumundan söz açmaq üçün zəng vursa da, söhbətin axarı milli mövzusuna qədər apardı.
(müsahibənin əvvəlki hissəsinə buradan keçid edə bilərsiz)
- Səncə, legionerlərin özləri bilə-bilə gəlmir?
- Bilmirəm ki. Bunu araşdırmaq, soruşmaq lazımdır. Bir də görürsən, hamısı çağrılır, bir də baxırsan, heç biri yoxdur. Baş açmaq olmur.
- Gəncləşdirmə siyasətinə görə də ola bilər.
- Millidə gəncləşdirmə siyasəti? Onda Premyer Liqanı ləğv eləsinlər, Gənclər Liqası yaratsınlar, yığma üçün futbolçuları da ordan seçsinlər. Hamı da bilsin ki, uzağı 26-27 yaşda futbolu başa vurmaq lazımdır. Çünki 30 yaşında səni milliyə dəvət etməyəcəklər. Camaat 26-27 yaşında parlamağa başlayır, 28 yaşında ilk dəfə milliyə cəlb olunur.
- Vaqif Cavadovla sənin dilindən narazılıq eşidəndə hər zaman təəccüblənmişəm.
- Niyə?
- Axı Vaqifin əmisi, səninsə dayın İsgəndər Cavadovdur.
- Nə olsun ki?
- İsgəndər bəylə danışanda mənə söylədiklərini ona da deyirsən, ölkə futbolu ilə bağlı narazılığını eşitdirirsən?
- Nə Vaqif, nə də mən, dayımızın, əmimizin hesabına futbolçu olmamışıq. Bunu hamı bilir. Ona görə də heç vaxt İsgəndər Cavadovun mənə görə kiməsə ağız açmasını istəməmişəm. Bugünə qədər öz gücümə görə oynamışam. Pis-yaxşı karyeram olub, oynamışam.
- Sualın məğzini anlamadın. Bu gün ölkə futbolundakı ümumi vəziyyətlə bağlı narazılıq edirsən. Və ölkə futbolunun başında duranlardan, sözünü deyənlərdən, qərar verənlərdən biri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, dayın İsgəndər Cavadovdur.
- Məndə olan məlumata görə komitə üzvləri lazım olan məsələni müzakirəyə çıxarır. Əməl olunur, ya yox – bunu bilmirəm. Gürcüstan futbolu bir ara nə günə düşmüşdü. Sonradan keçmiş futbolçulara iş verdilər, şərait yaratdılar. Görürsüz, son vaxtlar inkişafa başlayıblar. Eyni durum Ukraynada da müşahidə olunmaqdadır.
- Bu gün yığmada oynamağa layiq olub, kənarda qalan kimlər var?
- Çox futbolçunun olduğunu deməzdim. Amma hər bir komandada Rauf Əliyev, Ruslan Abışov kimi təcrübəlilərə yer olmalıdır. Demirəm, bu futbolçular olsaydı, milli fırtına qoparardı. Amma ən azından hansısa mənada faydaları dəyərdi. Komandanı birdən-birə gəncləşdirmək düzgün siyasət deyil. Ağabala Ramazanovun çağrılmaması mənə çatmadı. Namiq Ələsgərov “Neftçi”nin heyətində ən yaxşılardandır, son oyunlarda şans qazanmadı.
Ümumiyyətlə, səkkiz müdafiəçili sistemdən əl çəkmək lazımdır. Bu gün heç kim o cür futbol oynamır. Foqtsun dönəmində səkkiz müdafiəçi ilə oynadıq, futbolumuz hələ də özünə gəlmir.