“Hazırlığım cəmi iki həftə çəkdi”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında qrapplinqçi Aqşin Babayev deyib.

İstanbulda keçirilən ACBJJ turnirində Türkiyə idmançısı Yunus Emreni məğlub edən idmaçı qələbə təəssüratlarını bölüşüb:

“Yarışa iki həftə qalmış dəvət almışdım. Üstəlik, həmin vaxta qədər rəqibimi tanımırdım. Sonradan mənə 80 kq çəki dərəcəsində döyüşmək təklif olundu və bunu qəbul etdim. Düzdür, bu müddətdə çəki salmamışdım. Ayağım qırıldığı üçün son dövrlərdə ciddi məşq edə bilmirdim. Buna baxmayaraq, şansımı yoxlamaq istədim.

Bu təşkilatla müqavilə imzalayan ilk azərbaycanlı oldum. Döyüş bir raunddan ibarət idi və 7 dəqiqə davam etdi. Hakimlərin qərarı ilə qalib gəldim”.

Babayev rəqibin güclü olduğunu da vurğulayıb: “ O, əvvəllər güləşlə məşğul olub. Eyni zamanda, kikboksinq üzrə dünya və Avropa çempionudur.

Növbəti döyüşümə hazırlıqlara artıq başlamışam. Oktyabr ayında Almaniyada döyüşüm olacaq”.

Qeyd edək ki, peşəkar MMA döyüşçüsü Aqşin Babayev ötən il karyerasını bitirdiyini açıqlamışdı.