"Sabah"ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi sayəsində klubun U-19 komandası da UEFA Gənclər Liqasında mübarizə aparacaq.

Uzun müddətdir "Sabah"da çalışan, U-19 və əvəzedici komandanın köməkçi məşqçisi Cəbrayıl Qəmbərov turnirdə iştirakla bağlı fikirlərini Offsideplus.az-la bölüşüb:

"Təbii ki, akademiya olaraq bizim üçün mühüm təcrübə olacaq. Düzdür, əvvəlki iki mövsümdə AFFA Gənclər Liqasının çempionu olaraq UEFA Gənclər Liqasında mübarizə aparmışdıq. Buna görə də bu istiqamətdə müəyyən qədər təcrübəmiz var. İndi isə əsas komanda ÇL-ə yüksəldiyi üçün bu turnirdə yer alacağıq. Məşqçilər və futbolçular üçün bu, tamam fərqli bir təcrübə olacaq".

Gənc çalışdırıcı "Mançester Yunayted", Dortmund "Borussiya"sı və "Barselona" kimi nəhənglərin akademiyalarına qarşı oynayacaqlarına da münasibət bildirib:

"Bizi qarşıda minimum 6 oyun gözləyir. Çox ciddi rəqiblərə qarşı oynayacağıq. Bu üç komanda UEFA Gənclər Liqasını qazanmağa əsas namizədlərdəndir. Etiraf edək ki, azərbaycanlı gənclərin uşaqlıqdan bəri bu tip rəqiblərlə, həmyaşıdları ilə oynamaq şansı az olur. Avropa ilə müqayisə etsək, bizim gənc futbolçuların beynəlxalq təcrübəsi elə də çox deyil. Bu baxımdan turnir olduqca böyük təcrübə qazandıracaq. Əksər futbolçularımız burada ilk dəfə oynayacaq. Məşqçi heyəti və bəzi futbolçuların müəyyən təcrübəsi var, amma liqa mərhələsində mübarizə aparmaq tamam başqa səviyyədir".