“Hazırlığım çox yaxşı keçdi”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev deyib.
“Tank” ləqəbli idmançı növbəti döyüşünə hazırlıq prosesindən danışıb: “Üç aydan artıqdır ki, Amerikada məşq edirdim. Bu müddət ərzində doğma insan Nazim Sadıxovun böyük dəstəyini hiss etdim. Prosesin gedişatında top səviyyəli idmançılarla — Merab Dvalişvili, Alcamain Sterlinq və digərləri ilə birlikdə hazırlaşdım”.
29 yaşlı döyüşçü özünə əmin olduğunu vurğulayıb:
“Məndən güclü bir geri dönüş gözləmək olar. Çünki son dövrlərdə döyüşçü kimi öz üzərimdə ciddi şəkildə çalışmışam. Döyüşümü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq və mən Azərbaycan bayrağını ucaldacağam”.
Qeyd edək ki, Abdullayev “Tuff-N-Uff” təşkilatında növbəti döyüşünə aprelin 24-də çıxacaq. Təmsilçimiz perulu idmançı Jose Zarauzla qarşılaşacaq.


