Misli Premyer Liqasında qarlı-şaxtalı hava ilə başlayan XXIV tur "Sumqayıt"a uğur gətirmədi.

Offsideplus.az xəbər verir ki, "Gənclik şəhəri"nin təmsilçisi günəşli günlərdə necə uduzurdusa, yenə eyni aqibətlə üzləşdi.

Bakıda "Neftçi"yə qarşı keçirilən oyun "Sumqayıt"ın məşqçilər korpusu üçün prinsipial xarakter daşıyırdı. Prinsipiallıq ondan ibarət idi ki, axırıncı dəfə nə vaxt qələbə qazandığını az qala unudan "Gənclik şəhəri" təmsilçisində əsəblər tarıma çəkilmişdi. "Qara zolaq"dan çıxmaq lazım idi. Ötən həftə öz meydançasında "Zirə"yə 0:3 hesabı ilə uduzduqdan sonra keçirilən mətbuat konfransında sumqayıtlıların baş məqşçisi Vaqif Cavadovun yarızarafat-yarıciddi dediyi sözlərə diqqət yetirin: "Deyəsən,  kimlərsə dua edib ki, "Sumqayıt" qol vurmasın. Burdan onlara da "salamlar"ımı çatdırıram".

Cadu-duanı qoyaq kənara. Bu çox qəliz məsələdir. Qayıdaq faktlara.

İkinci məqam baş məşqçi amili ilə bağlı idi. Hazırda "Neftçi"ni çalışdıran Samir Abbasov 2 dəfə "Sumqayıt"da işləyib. Vaqif Cavadov komandanı elə Samir Abbasovdan təhvil götürüb. Təsadüfi deyil ki, V.Cavadov sələfini bir neçə dəfə üstüörtülü olsa da, tənqid edib, "Mən komandanı götürəndə enişdə idi" fikrini səsləndirib.

Təbii ki, "Sumqayıt"da hamı qələbə istəyi ilə alışıb-yanırdı. Amma bu həyatda hər şey istədiyin kimi olmur.

Bu gün "Neftçi Arena"da tilsimi qırmaq müşkülə çevrildi. Nə qırmızı top, nə də qırmızı boyalı xətlər "Sumqayıt"ın köməyinə çatdı. Komanda ardıcıl 9-cu dəfə meydançanı qələbəsiz tərk etdi. Bunlardan 8-i Misli Premyer Liqasının, 1-i isə ölkə kubokunun payına düşür. Ardıcıl məğlubiyyətlərin sayı isə 3-ə çatıb.

Dərd burasındadır ki, "Sumqayıt" qol vurmağı da yadırğayıb. Vaqif Cavadovun yetirmələri 9 oyun dalbadal rəqib qapısına yol tapa bilmir. Axırıncı dəfə sumqayıtlılar ötən il dekabrın 8-də elə "Neftçi"yə qol vurublar (2:0).

Bu gün də fərqlənmək üçün "Sumqayıt"ın şansları oldu. Hətta məşqçilər korpusu qarşılaşmanın 86-cı dəqiqəsində son ümid yeri kimi Ronaldonu hücuma atdılar. Bəli, Ronaldonu. Təəccblənməyin! Həqiqətən də Ronaldo Azərbaycan çempionatında oynayır. "Sumqayıt"ın rəsmiləri bir ay öncə, necə deyərlər, onun "saqqızını oğurlayıb", Azərbaycana gətiriblər. Ancaq bu, nə Kriştianu Ronaldodur, nə də Luis Nazario da Lima Ronaldo... Bu, dünyanın ən təvazökar futbolçularından biri olan Ronaldo Vaskesdir. Dominikan Respublikasında doğulub. Həm fiziki göstəricilərinə, həm də bombardirlk bacarığına görə həmsoyadlarından ciddi fərqlənir. 

Vaqif Cavadovun "bəlkə bu dəfə alınacaq, tilsim qırılacaq" düşüncələri ilə şans verdiyi Ronaldo meydançaya daxil olduqdan 5 dəqiqə sonra qol vuruldu. "Sumqayıt"ın qapısına...

Təbiətin şıltaqlığına baxıram... İstər-istəməz "Sumqayıt"ın azarkeşləri haqda düşünürəm... Bu gözəl şəhərin fədakar futbol həvəskarları qarlı-şaxtalı havada qalın geyinib, soyuqdan qoruna bilərlər. Bəs, onların ürəyini kim qızdıracaq? Ronaldo?