ABŞ millisinin hücumçusu Folarin Baloqonun qırmızı vərəqə cəzasının ləğv edilməsi ətrafında yaşanan qalmaqala məşhur almaniyalı mütəxəssis Yurgen Klopp da sərt reaksiya verib.

Offsideplus.az xəbər verir ki, "Magenta TV" kanalında ekspert qismində çıxış edən Klopp ABŞ prezidenti Donald Trampın FİFA rəhbəri Canni Infantinoya şəxsən zəng edərək cəzanın ləğvinə nail olması barədə yayılan xəbərləri kəskin tənqid edib.

Təcrübəli baş məşqçi futbola kənardan edilən siyasi müdaxilələrin qəbulolunmaz olduğunu bildirib:
"Əgər bu iddialar həqiqətdirsə, bu, tam bir dəlilikdir. Gəlin açıq danışaq: bu bizim oyunumuzdur, onların yox! Futboldan heç bir anlayışı olmayan bu iki şəxs belə qərarlardan tamamilə uzaq durmalıdır!"

Klopp Baloqonun Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqə epizoduna da toxunaraq hakimin qərarının tamamilə doğru olduğunu müdafiə edib:
"O epizod təmiz qırmızı vərəqə idi, burada müzakirə ediləcək ikinci bir tərəf yoxdur. Baloqon adına üzülürəm, çünki o, bu hərəkəti qəsdən etməmişdi. Amma qaydalar nəyi tələb edirsə, o da tətbiq olunmalıdır," — deyə Klopp əlavə edib.

FİFA İntizam Komitəsinin nizamnamənin xüsusi bəndinə əsaslanaraq Baloqonun Belçika ilə keçiriləcək 1/8 final matçından əvvəl cəzasını 1 illik şərti olaraq təxirə salması futbol ictimaiyyətində böyük narazılıq və ədalətsizlik müzakirələri yaratmağa davam edir.