Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər (U-20) arasında Avropa çempionatına start verilib.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə Azərbaycan millisi möhtəşəm startla diqqət çəkib. 3 pəhləvanımız finala yüksəlib, 1 təmsilçimiz isə bürünc medal şansını saxlayıb.

İlk yarış gününün qəhrəmanları Emin Cavadlı, Cavidan Nehmətov və Orxan Hacıyev olublar.

Emin Cavadlı (55 kq): Türkiyə (5:1), Almaniya (16:5) və Yunanıstan (9:0) təmsilçilərini darmadağın edərək finala adlayıb. O, qızıl medal üçün ermənistanlı Edqar Petrosyanla qarşılaşacaq.

Cavidan Nehmətov (77 kq): Finlandiya (2:0), Rusiya (8:0) və Türkiyə (3:1) idmançılarına şans tanımayaraq finala vəsiqə qazanıb. Onun həlledici matçdakı rəqibi ermənistanlı Samvel Terteryan olacaq.

Orxan Hacıyev (87 kq): Almaniya (9:0), Ukrayna (11:9) və İsrail (9:0) güləşçilərini turnirdən kənarlaşdıraraq qızıl matçına vəsiqə təmin edib. Orxan birincilik uğrunda rusiyalı Mixail Şkarinlə mübarizə aparacaq.

Ağır çəkili pəhləvanımız Museyi-Kazım Hüseyn (130 kq) isə 1/4 finalda Ermənistan idmançısına (2:1) qalib gəlsə də, yarımfinalda Ukrayna təmsilçisinə uduzub. O, sabah türkiyəli Üzeyir Bostanla bürünc medal uğrunda xalçaya çıxacaq. 63 kq-da çıxış edən Tural Əhmədov isə 1/8 finalda gürcü rəqibinə uduzaraq mübarizəni erkən dayandırıb.