"Real Madrid"in 2026/27 mövsümündəki La Liqa startı təxirə düşəcək.
Offsideplus.az xəbər verir ki, buna səbəb "kral klubu"nun futbolçularının Dünya Kubokunda son mərhələlərə qədər mübarizəni davam etdirməsidir. Eyni zamanda, İspaniya çempionatının açılış turunun digər bəzi matçları da ilkin planlaşdırılan tarixdən təxminən 10 gün sonraya keçiriləcək.
La Liqanın rəhbərliyi DÇ-2026-nın yarımfinalında ən azı bir oyunçusu çıxış edən klubların ilk tur matçlarını təxirə salmaq qərarına gəlib. Fransa və Mərakeş yığmalarının turnirdəki uğurlu gedişatı fonunda Kilian Mbappe, Orelyen Tçuameni və İbrahim Konate (Fransa) və ya Brahim Diasın (Mərakeş) yarımfinal mərhələsinə vəsiqə qazanacağı artıq dəqiqdir. Bu isə "Real Madrid"in turnir qaydalarına əsasən sözügedən güzəştdən yararlanmasını təmin edir.
İspaniya Futbolçular Assosiasiyası (AFE) ilə əldə olunmuş razılığa əsasən, mundialda çıxış edən oyunçulara turnirdən sonra 3 həftəlik məzuniyyət və daha sonra 3 həftəlik mövsümöncesi hazırlıq dövrü verilməlidir. Bu səbəbdən avqustun 14-16-sı tarixlərinə planlaşdırılan "Real Madrid" - "Real Sosyedad" açılış matçı avqust ayının sonlarına (təxminən 10 gün sonraya) sürüşdürüləcək.
"Real Madrid"lə yanaşı, futbolçuları Dünya Kubokunda mübarizəni davam etdirən "Barselona", "Atletiko" (Madrid) və "Atletik" (Bilbao) kimi klubların da ilk tur oyunlarının təxirə salınması və avqustun sonundakı həftəiçi günlərdə keçirilməsi gözlənilir.


