Axır ki, Olavio Juninyonun "Flamenqo"ya keçidi rəsmiləşdi.
Təqribən 1 aydan çoxdur ki, bu məsələ öz həllini tapmırdı. Dünən Braziliya klubu keçidi rəsmən açıqladı. Xeyirli, uğurlu olsun.
Juninyonun transferi mənim 3 məsələni dəqiqləşdirməyinə səbəb oldu. Həmin məqamları yarımbaşlıqlarla diqqətinizə çatdırmağa çalışacam...
Futbolçu üçün pul hər şeydir
Hamı düşünürdü ki, Juninyo "Sevilya"ya transfer olunacaq. Braziliyalının özü də bu qərarda idi. Lakin bir telefon zəngi hər şeyin dəyişməsinə səbəb oldu. "Flamenqo"nun çalışdırıcısı Filipe Luis hımyerlisi ilə əlaqə saxlayaraq komandasına dəvət etdi. Dərhal "Sevilya" məsələsi unuduldu. Qəribədir. Yadınıza gəlirsə, "Şamaxı" ilə Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda sonra Qurban Qurbanov belə açıqlama vermişdi:
"Juninyonun özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə onun çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm".
Bəs, nə oldu ki, Juninyo yuxularının ərşə çəkilməsinə səbəb olan bu transfer baş tutmasına razılıq vermədi? Axı hər şey hazır idi. Təkcə qalırdı son anlaşmanı əldə etmək. Amma pul prosesin dəyişməsinə səbəb oldu. "Flamenqo"nun iki dəfə çox maaş təklif etməsi Juninyonun "Sevilya" arzularının üstündən xətt çəkdi. Deyirlər ki, hücumçu Braziliya klubunda özünü yaxşı tərəfdən göstərə bilsə, milliyə dəvət olunmaq ehtimalı var. Bu məsələ "Sevilya"da da çıxış etsə, mümkün idi. Düşünürsünüz ki, La Liqa təmsilçisində qollar vuran braziliyalı kənarda qalacaq və "Flamenqo"dan hansısa forvard yığmaya dəvət olunacaq? Bu, məntiqsiz yanaşmadı. Təbii ki, Braziliya klubunun Juninyoya daha çox maaş təklif etməsi, son qərarın verilməsinə səbəb olub. Futbolçu üçün daha çox pul əsas məsələdir...
Dünyanın nəhəng futbol klubları hər yerdən oyunçu alır
Bəzi futbol mütəxəssisləri iddia edirdilər ki, Dünyanın nəhəng futbol klubları Azərbaycan Premyer Liqasından oyunçu almaq istəmirlər. Juninyonun "Flamenqo"ya keçidi bu fikirləri alt-üst etdi. Zarafat deyil ee, "Qarabağ" futbolun vətəni hesab olunan ölkəyə oyunçu satdı.
İspaniya, Almaniya, Braziliya mediasında yazılanlara inansaq, Juninyo ilə "Bayer-04" də maraqlanırdı. Hətta "Qarabağ"a təklif də göndərilmişdi. Lakin Ağdam təmsilçisi maliyyə şərtlərini bəyənməyərək oyunçusunu satmadı. "Sevilya" məsələsindən də xəbərdarsınız. Demək ki, dünya nəhəngləri hər yerdən keyfiyyətli futbolçu alırlar. Problem normal klub olaraq formalaşa bilməyən digər Azərbaycan təmsilçilərindədir.
Azərbaycanlılar "Qarabağ"ın potensialından istifadə edə bilmirlər
Gəldik mənim üçün ən vacib məqama. "Qarabağ"ın Avropadakı uğurlarından hamınız xəbərdarsınız. Bunun nəticəsində yaxın 5 il ərzində "Qarabağ" bir çox əcnəbi futbolçusunu satdı. Kadi Borges, İbrahima Vadji, Kvabena Ovusu və Olavio Juninyo. Düzdür, Ağdam təmsilçisindən ayrılan yerli futbolçular da oldu. Mahir Emreli müqaviləsi bitdi və "Legiya"ya getdi, Rahil Məmmədov qarşılıqlı razılıq əsasında klubla yollar ayırdı və" LKS Lodz" keçdi. Şahruddin Məhəmmədəliyev də Ağdam təmsilçisi ilə sazişi ləğv edərək "Adana Demirspor"da çıxış etməyə başladı. Təkcə Musa Qurbanlı "Yurqorden"ə keçəndə "köhlən atlar"a 1 milyon avrodan çox pul ödənildi.
Bəli, bizim futbolçularla bağlı belə məqamlar var. Amma mənim başa salmaq istədiyim başqa məqamdır. Bizimkilərin transfer olunduğu kollektivlər Avropanın nəhəng çempionatlarında çıxış etmirlər. "Qarabağ"ın yerlilərinə maksimum 2 milyon avro ödəmək istəyirlər. Amma "Krasnodar" Kadiyə, "Flamenqo" Juninyoya görə külli miqdarda pul xərclədi. Komanda eyni, nəticə var. Nə üçün azərbaycanlılara maraq yüksək deyil? Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə, Nəriman Axundzadə Kadi və Juninyo birgə məşq ediblər, oyunlara çıxıblar. Bəs, onlara niyə maraqlana bilmirlər. Çünki bizimkilər çox rahatdırlar. "Qarabağ"da mütəmadi oynayırlar. Az-çox ölkədə sevilirlər. Niyə lazımdır ki, özlərini daha çox əziyyətə salsınlar? Oturublar da gül kimi evlərinin içində pullarını qazanırlar. Amma düşünmürlər ki, artıq "Qarabağ" transfer bazarında xüsusi potensiala malikdir. Bundan istifadə etmək lazımdır. Ən azından Juninyonun "Flamenqo"ya getməsinə görə sevinənlərə eyni hisslərin daha artığını yaşatmaq lazımdır...