“Zirə”nin futbolçusu Ruan Renato Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının IX turuna təsadüf edib.

Ruan “Turan Tovuz”la səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada çıxdığı 100 oyunda 5 qol vurub.

Renato Azərbaycanda iki komandada forma geyinib. “Qəbələ”də 59 görüşdə 4 dəfə qola sevinən müdafiəçi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib.

Onun debütü 2021/22 mövsümünə təsadüf edib. Ruan 2021-ci il avqustun 15-də “Neftçi” – “Qəbələ” oyununda (2:2) şans qazanıb.

Qeyd edək ki, “Turan Tovuz” – “Zirə” görüşündə qərblilər 1:0 hesabı ilə qələbə qazanıblar.