Misli Premyer Liqasında mövsümü 5-ci yerdə bitirən “Neftçi” avrokuboklara vəsiqə qazana bilmədi.

Bundan sonra, “ağ-qaralar” baş məşqçi Miodraq Bojoviçlə yolları ayırdı. İndi rəhbərlik çıxış yolu axtarır. Bəs, “Neftçi”ni bu durumdan kim çıxarda bilər? “Ağ-qaralar”ı əcnəbi, yoxsa yerli mütəxəssis çalışdırmalıdır? Suala cavab tapmaq üçün Yunis Hüseynovla əlaqə saxladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:


“Bu ilə nəzər salsaq, “Neftçi” 2 xarici mütəxəssislə işlədi. Çempionatın əvvəlində Mutu idi sonra Bojoviç gəldi. Hər iki məşqçinin nəticələri göz önündədir. Mutunu adına görə gətirdilər. Məşqçi kimi onun heç bir nailiyyəti olmamışdı. "Neftçi" köklü komandadır. Bura gələn hər məşqçiyə başa salmaq lazımdır ki, "Neftçi" Azərbaycanın ən titullu komandasıdır. Bunu nə Bojovoviçə, nə də Mutuya izah edən oldu. Ona görə də "Neftçi" hazırkı vəziyyətə düşdü. Rəhbərlik hər şəraiti yaratmışdı. Komandaya nə lazım idisə, yerinə yetirilmişdi. Düşünürəm ki, klub üçün əsas lazım olan yerli məşqçidir. O da keyfiyyətli azərbaycanlı futbolçular seçməlidir. Ümumiyyətlə, transferlərinə məşqçi nəzarət etməlidir”.