Kikboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli barəsində həbs qətimkan tədbiri seçilib.

Offsideplus.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılaraq, hər iki şəxs barəsində qərar qəbul edilib və 21 yaşlı Tulin Ələkbərova ilə 19 yaşlı Abbas Rəhimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki idmançıya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törədilməsi) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Tulin və Abbas bir nəfərə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə ittiham olunurlar.