"Barselona" klubunun prezidenti Xoan Laporta səhhətində yaşanan problemlə əlaqədar xəstəxanaya yerləşdirildiyini, lakin artıq evə buraxıldığını bəyan edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli funksioner yaydığı bəyanatda hər şeyin uğurla yekunlaşdığını bildirib:
"Hər şey əla keçdi! Ürəyimdəki aritmiyanı aradan qaldırdılar və ürəyim yenidən ritmik şəkildə vurur!
"Barselona" Xəstəxanasında həkim Xordi Morilyasın rəhbərliyi altında mənə qulluq edən bütün peşəkar həkimlərə, tibb bacılarına və səhiyyə heyətinə dərin minnətdarlığımı bildirirəm. Onlar möhtəşəm iş gördülər. Zəngin bilik və təcrübələri ilə yanaşı, göstərdikləri diqqət, həssaslıq və səbir təbabətə və Hippokrat andına həqiqi hörmətin göstəricisidir.
Bu, bir daha sübut edir ki, Barselonada və Kataloniyada yüksək səviyyəli səhiyyə xidməti mövcuddur. Həmçinin doktor Ksaver Korbelyanın rəhbərlik etdiyi "Barselona"nın tibbi heyəti və bütün prosesi operativ şəkildə əlaqələndirən aparat rəhbərim Mənana Corcadze ilə xüsusilə fəxr edirəm.
Dəyərli məsləhətləri ilə mənə təsəlli verən Mount Sinai xəstəxanasından doktor Valenti Fusterə və komandasına, eləcə də aritmiyanın aradan qaldırılması üçün proseduru tövsiyə edən doktor Brugada-ya təşəkkür edirəm.
Son olaraq, yanımda olan, dəstəyini əsirgəməyən övladlarıma, bacı-qardaşlarıma, qohumlarıma və dostlarıma minnətdaram. Hər birinizə ürəkdən təşəkkür edirəm!"


