"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu mübarizədən kənarlaşdırmasını tarixi nailiyyət kimi dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasını, azarkeşləri və Azərbaycan futbol ictimaiyyətini təbrik edib:
"Bu uğur təkcə klubumuz üçün deyil, Azərbaycan futbolu üçün də tarixi hadisədir. Çətin mübarizədən qalib ayrıldığımız üçün böyük qürur hissi keçirirəm. "KuPS" yaxşı komandadır və onların azarkeşləri də komandaları ilə fəxr edə bilərlər", – deyə o bildirib.
Litvalı çalışdırıcı ilk hissədə rəqibin daha üstün təsir bağışladığını etiraf edib:
"İlk oyunda qazandığımız minimal üstünlüyə baxmayaraq, rəqib bu görüşə çox yaxşı hazırlaşmışdı və ilk yarıda daha təhlükəli görünürdü. Fasilədə futbolçularla danışdıq, müəyyən düzəlişlər etdik. Sevindirici haldır ki, onlar verilən tapşırıqları meydanda uğurla yerinə yetirdilər. İkinci hissədə oyuna tam nəzarət etdik, qol vurduqdan sonra isə üstünlüyümüz daha da artdı. İki oyunun yekununda mərhələni keçməyimiz bizi çox sevindirir. İndi isə Bakıya qayıdıb növbəti matça hazırlaşacağıq. Avrokuboklarda uğur qazanmaq üçün böyük enerji və hazırlıq lazımdır", – deyə Dambrauskas vurğulayıb.
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"u hər iki oyunda məğlub edərək (1:0, 2:0) növbəti mərhələyə yüksəlib. Bu nəticə ilə Bakı təmsilçisi minimum UEFA Konfrans Liqasının əsas mərhələsində iştirakını da rəsmiləşdirib.


