UFC-nin orta çəki dərəcəsində sürətlə irəliləyən İkram Əliskərov qarşıdakı döyüşündə Cared Kannoniyerə qarşı qəfəsə çıxacaq. Əliskərov bu qarşılaşmanı karyerasında dönüş nöqtəsi hesab edir və təcrübəli rəqibinə qalib gəlməklə reytinqdə ön sıralara yüksəlmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Əliskərov mətbuat konfransında Kannoniyerin uzun illərdir yüksək səviyyədə çıxış etdiyini və onun döyüşlərini daim izlədiyini bildirib. "Onun karyerasını UFC-yə gəlməzdən əvvəl də izləyirdim. Həmişə döyüşlərini bəyənmişəm. O, uzun müddətdir ən yaxşılar sırasında yer alırdı və bizim yollarımızın bir gün kəsişəcəyini bilirdim. Qarşılaşmamız məni təəccübləndirmədi," – deyə Əliskərov vurğulayıb.
Əliskərov Kannoniyerin üslubunu yaxşı bildiyini, lakin onu heç vaxt zəif hesab etmədiyini qeyd edib. "O, bəzən gözlənilməz addımlar ata bilir. Hər an təhlükəli ola bilər. Mən ehtiyatlı və diqqətli olacağam. Onun döyüş tərzində ciddi dəyişiklik gözləmirəm. Həmişə sona qədər mübarizə aparır və təhlükəli qalır," – deyə döyüşçü əlavə edib.
Əliskərov üçün Kannoniyer üzərində qələbə böyük əhəmiyyət daşıyır. "Bu, keçmiş titul iddiaçısıdır və belə bir rəqibi məğlub etmək mənim üçün çox vacibdir. Karyeramı bitirdikdən sonra bu döyüşü xatırlayacağam və belə bir rəqibi məğlub etdiyim üçün qürur duyacağam," – deyə o bildirib.
İkram Əliskərov və Cared Kannoniyer UFC Qatar turnirində qarşılaşacaqlar.


