İtaliyanın “Sampdoriya” klubunda çıxış edən azərbaycanlı futbolçu Lorenzo Mezzotero müqaviləsini 2030-cu il iyunun 30-dək uzadıb.

Offsideplus.az xəbər verir ki, 2008-ci ildə İtaliyanın Monza şəhərində italyan ata və azərbaycanlı ananın ailəsində dünyaya gələn 18 yaşlı futbolçu 2024-cü ilin yayında “Sampdoriya”ya qoşulub.

O, əvvəlcə klubun U-17 və U-19 komandalarında çıxış edib, daha sonra əsas komandaya dəvət alıb. Mezzotero “Yuventus Stabia” və “Palermo” ilə oyunlarda meydana çıxdıqdan sonra peşəkar karyerasında ilk qolunu “Virtus Entella”ya qarşı matçda vurub. Həmin qarşılaşmada “Sampdoriya” qələbə qazanıb.

Futbolçu qol sevincini belə ifadə edib:

“Entella"ya vurduğum qol təsvirolunmaz hisslər yaşatdı. Videolara hər baxanda hələ də buna inana bilmirəm. Həmin anı xatırlayanda tüklərim biz-biz olur. Amma bu, yalnız başlanğıcdır. İndi hər gün bu formanı daşımağa layiq olduğumu sübut etməliyəm”.

Müqaviləsinin uzadılmasından məmnunluğunu bildirən Mezzotero ailəsi ilə birlikdə “Sampdoriya”nın layihəsinə böyük inam bəslədiklərini vurğulayıb.

O, yeni müqaviləni əsas komandada qalmaq və inkişaf etmək üçün başlanğıc nöqtəsi hesab etdiyini deyib.