“Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynamaq asan olmadı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyeer Liqasının XII turunda “Sabah”a qarşı  keçirdikləri matçdan sonra mətbuat konfransında deyib. Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

“90 dəqiqə ərzində 11 nəfərlə oynasaydıq, bəlkə də fərqli nəticə olardı. Qırmızı vərəqədən sonra bizim üçün çox çətin oldu. Fikrimcə komandam ilk 15 dəqiqədə yaxşı oynadı. "Sabah" ardıcıl beş oyunda qələbə qazana bilməmişdi. Bilirdik ki, bu gün qələbə qazanmaq üçün böyük enerji sərf edəcəklər. İlk dəqiqələrdə üstün oynasaq da, daha sonra rəqib təşəbbüsə yiyələndi. Qapımıza ilk zərbədə qol vura bildilər. Qoldan sonra komandam yaxşı reaksiya versə də, qırmızı vərəqədən sonra "Sabah"a qarşı mübarizə aparmaq çox çətin oldu. Məyusuq. Çalışırdıq ki, heç olmasa ilk yarını heç-heçə ilə başa vuraq. O da alınmadı. Fasilədə oyunçularıma dedim ki, təslim olmaq olmaz”. 

Kandido rəqibin çox keyfiyyətli oyunçularının olduğunu vurğulayıb:

 “Yaxşı fürsətlər əldə etdilər və bu nəticə qeydə alındı. Oyun ərzində iki böyük səhvimiz oldu. Birincisi odur ki, autdan topu rəqibə verdik və qol vurdular. İkinci isə Blekin vəziyyəti idi. Futbolçu sarı vərəqəsinin olduğunu unutmamalı, daha ehtiyatlı olmalıdır. Stadionda atmosfer möhtəşəm idi. Nəticəyə görə məyusam. Azarkeşlərimizə yaxşı nəticə bəxş etmək istəyirdik”.