2012-ci il London Olimpiadası Ceyms Hardenin "Oklahoma Siti Thunder"dan ayrılmasında əsas rol oynayıb. Komandanın sabiq oyunçusu Kendrik Perkins bildirib ki, həmin turnirdə digər basketbolçular Hardenə daim "Sən ehtiyatdan oyuna çıxmaq üçün çox güclüsən, öz komandan olmalıdır" deyirdilər.
Offsideplus.az xəbər verir ki, o dövrdə "Oklahoma"nın baş menecerinin köməkçisi olmuş Troy Uiver də bu fikirləri təsdiqləyib. O bildirib: "Olimpiada bizim işimizi xeyli çətinləşdirdi. Həmin uşaqlar Hardenə öz komandasının olmasının vacibliyini təlqin etdilər. Mən heç vaxt düşünməzdim ki, Ceyms ayrılmaq istəyir. Həqiqətən də belə düşünmürdüm. Onun Kevin Dyurant və Rassell Uestbruk arasında ideal uyğunluq yaratdığını hesab edirdim. Fikrimcə, bir neçə çempionluq qazana bilərdik". Xatırladaq ki, London Olimpiadasında qızıl medal qazandıqdan sonra Harden "Oklahoma" ilə müqavilə uzatmaqda razılığa gəlməyib və nəticədə "Hyuston Rokets"ə transfer olunub. Orada isə superulduz statusu qazanıb.


