NBA-də keçirilən oyunlarda ulduz oyunçular fərqləndi. "Los Anceles Leykers" ikinci hissədə 11 xallıq geridə olsa da, "Sakramento Kinqs" üzərində 106:104 hesablı qələbə qazandı. Sloveniya təmsilçisi Luka Donçiç 25 xal, 8 assist, 4 ribaund və 2 top oğurluğu ilə komandasına öncüllük etdi. Gürcüstanlı ehtiyat oyunçu Sandro Mamukelaşvili isə 9 xal və 9 ribaundla yadda qaldı. Qonaqlardan litvalı Domantas Sabonis 19 xal və 16 ribaundla dubl-dabl etdi. İsrailli Emanuel Şarp 3 xal topladı, ukraynalı-belaruslu Aleks Karaban isə meydana çıxmadı.
Offsideplus.az xəbər verir ki, "Denver Naqgets"in meydanında serbiyalı ulduz Nikola Yokiç son hissədə təşəbbüsü ələ alaraq 26 xal, 11 assist və 7 ribaundla komandasının "Hyuston Rokets" üzərində 133:124 hesablı qələbəsində əsas rol oynadı. Zədədən qayıdan türkiyəli Alperen Şengün isə "Hyuston" üçün 28 xal, 11 ribaund və 10 assistlə üçqat dubl etdi. Serbiyalı Boqdan Boqdanoviç isə qısa müddət oynasa da, fərqlənə bilmədi.
"Bruklin Nets"lə "Orlando Magic" arasında ən gərgin oyun baş tutdu. Almaniyalı Frants Vaqner son saniyələrdə atdığı şütlə "Orlando"ya 113:111 hesablı qələbə qazandırdı və 35 xalla oyunun ən məhsuldar oyunçusu oldu. Monteneqro təmsilçisi Nikola Vuçeviç 15 xal, almaniyalı Tristan da Silva 6 xal, gürcü Qoqə Bitadze isə 4 xal topladı. "Bruklin"də israilli Danni Vulf 20 xal, fransalı Nolan Traore isə 4 xal topladı və zədə səbəbindən oyunu erkən tərk etdi. Rusiyalı Egor Demin 6 xal, almaniyalı Moritz Vaqner isə 3 xal qazandı. Baş məşqçi Jordi Fernandes Danni Vulfun oyuna təsirindən razı qaldığını bildirib.
"Klivlend Kavalers" 14 xallıq geridən gəlib, son hissədə fərqi 24-ə çatdıraraq "İndiana Peysers" üzərində 128:119 hesablı qələbə qazandı. Ceyms Harden 51 xalla parladı. Xorvatiyalı Mario Hezonya 10 xal və 10 ribaundla dubl-dabl etdi, həmyerlisi İvitsa Zubaç isə 21 xal və 10 ribaundla cavab verdi.
"Atlanta Hoks" da "Şarlott Hornets" üzərində oxşar dönüş edərək 111:97 hesabı ilə qalib gəldi.


