Serbiyalı mərkəz Nikola Yokiç cümə günü gecə "Denver Naqgets"in meydanında keçirilən qarşılaşmada ikinci hissədən sonra təşəbbüsü ələ alaraq komandasını "Hyuston Rokets" üzərində qələbəyə daşıyıb. Oyun sonrası mətbuat konfransında çıxış edən Yokiç, NBA-in ən güclü ulduzlarından biri olmasına baxmayaraq, hər gün öz oyununa şübhə ilə yanaşdığını və bunun inkişafı üçün vacib olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Yokiç bu barədə belə danışıb: "Mübarizənin gözəlliyini sevirəm. Əziyyət çəkmək xoşuma gəlir. Bu, səni daha yaxşı edir, hədəfə necə çatmağı, nəyisə fərqli etməyi öyrədir. Əziyyət çəkəndə hər şey daha maraqlı olur".

"Hyuston Rokets"ə qarşı ilk hissədə sakit təsir bağışlayan Yokiç ikinci hissədə 24 xal toplayıb. O, oyunu 26 xal, 11 ribaund və 7 assistlə başa vurub. Rəqibin türkiyəli mərkəzi Alperen Şengün isə məğlub olsa da, üçqat dubl göstəricisi ilə yadda qalıb.

Yokiçdən nə qədər tez-tez öz oyununu sorğuladığı soruşulanda, o, "Hər gün" cavabını verib. O, bu şübhələrin motivasiya mənbəyi olduğunu vurğulayıb: "Bu, səni daha çox işləməyə, daha yaxşı və ağıllı işləməyə vadar edir. Bu barədə düşünəndə oyuna təsir etməyin başqa yollarını tapırsan".

Qeyd edək ki, bu qələbə ilə "Denver Naqgets" Qərb Konfransında yeddinci pilləyə yüksəlib və baş məşqçi Devid Adelmanın komandası Emirates NBA Kuboku 2026-da 2–0 hesabı ilə Qərb A qrupunda "Dallas Maveriks"lə birinciliyi bölüşür. "Denver Naqgets" növbəti oyunda səfərdə "Çikaqo Bulls"un qonağı olacaq.