UFC-nin aparıcı yarımorta çəki döyüşçüsü Şavkat Rahmonov İslam Maxaçevin son açıqlamalarına münasibət bildirib. O, Maxaçevin Kamaru Usmanla döyüş istəməsini və rəqib seçimini bəyənmədiyini deyib.

Offsideplus.az xəbər verir ki, Rahmonov özünü Maxaçev üçün ən ciddi rəqib hesab etdiyini vurğulayıb: "Mən İslam üçün ən güclü rəqibəm, o da mənim üçün. Müdafiədə pis deyiləm, ayaqüstü döyüşdə isə üstünəm, amma qəfəs göstərəcək. İslam çempion olandan sonra qəribə addımlar atmağa başladı, Kamaru Usmanla döyüşmək istədiyini dedi. Bu, mənim xoşuma gəlmədi. İslama insan kimi hörmət edirəm, amma mən kəmər döyüşünə layiq idim. Ola bilər, bir il döyüşmədim, amma yeddi qarşılaşmada qalib gəldim, İan Gerri üzərində qələbə qazandım. Onun rəqib seçməsi xoşuma gəlmədi. Kamaru Usman yaxşı döyüşçüdür, amma hazırda çempion səviyyəsində deyil".

Qeyd edək ki, Rahmonov indiyədək keçirdiyi 19 döyüşün hamısında qalib gəlib. O, 2024-cü ildən bəri diz zədəsinə görə qəfəsə çıxmayıb. Rahmonov bildirib ki, Gerri ilə döyüşə zədəli çıxıb və əgər yerində Xabib və ya Maxaçev olsaydı, onlar bu halda döyüşməkdən imtina edərdilər.