Fransada keçirilən UFC Paris turnirində gecənin əsas qarşılaşmasında Salahdine Parnasse debüt döyüşündə Dan Hukkeri məğlub edib. 28 yaşlı Parnasse üçün bu, UFC-də ilk çıxış olsa da, o, əvvəllər KSW-də iki çəki dərəcəsində çempionluq qazanıb və böyük ümidlərlə qarşılanırdı.

Offsideplus.az xəbər verir ki, döyüşün əvvəlində Dan Hukker qəfəsin mərkəzini tutub və ayaq zərbələri ilə fəallıq göstərib. Parnasse isə soyuqqanlı çıxış edərək rəqibinin zərbələrini bloklayıb və sürətli hərəkətləri ilə üstünlüyünü nümayiş etdirib. Bir neçə dəqiqə sonra Parnasse-in sol ayaqla bədənə endirdiyi güclü zərbə Hukkeri ciddi şəkildə zədələyib. Ardınca başa dəyən zərbə və çənəyə sol kroşe Hukkeri yerə salıb, hakim döyüşü dayandırıb. Rəsmi nəticəyə əsasən, Salahdine Parnasse Dan Hukkeri 1-ci raundda, 2 dəqiqə 35-ci saniyədə bədənə zərbə və ardıcıl yumruqlarla texniki nokautla məğlub edib.

Döyüşdən sonra Parnasse "Dünyanın ən yaxşı döyüşçüsüyəm" deyib və növbəti döyüşdə ilk beşlikdə yer alan rəqiblə qarşılaşmaq istədiyini bildirib. Fransalı idmançı ən böyük arzusunun Maks Hollouey ilə döyüşmək olduğunu vurğulayıb.