Misli Premyer Liqasının 4-cü turunda “Neftçi” “Şəfa”nı məğlub edib - 4:1.
Offsideplus.az xəbər verir ki, Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
“Oyunçularımız özlərini oyuna həsr etdi. “Şəfa”nın elitada yeni olması hər şey demək deyil. İntizamlı komandadır. 5-3-2 sxemi ilə oynayırlar. Onları yarmaq asan deyil. İlk yarıda bu baş verdi. Rüfətin gözəl qolu ilə hesabı açdıq. Çox şey üzərində işləməliyik. İkinci hissənin əvvəli qol buraxsaq da, oyunçularım yaxşı geridönüş etdi və əlavə 3 qol vurdular. Unutmuşam ki, neçə top dirəkdən qayıtdı. Sevinirəm ki, qalib gəldik”.
Start heyətindəki dəyişiklərlə bağlı Vernidub bu sözləri deyib:
“Qapıçıları saymasaq, 22 oyunçumuz var. Cəzaya görə Elvin Bədəlov oyunu buraxdı, Ştoqrin də zədəlidir. Digərləri məşq etmişdilər. “Zirə” ilə oyunda görmək istədiyimizi görmədik. O oyunda az qol epizodları var idi. Bu dəfə qərar verdik ki, təzyiq edək. Oyunçular da bunun öhdəsindən yaxşı gəldi. Futbolçularım arasındakı rəqabət xoşuma gəlir - hər kəs oynamaq istəyir. Amma qərarı mən və korpusum verir. Şkribeli uzun müddətdir izləyirdik. Çox maraqlı çempionatdan - Şotlandiyadan gəlib. Orda ən yaxşı yarımmüdafiəçi də seçilib. Onu istədik və transferə nail olduq. Bütün oyunçularıma etibar edirəm. Əlimizdə şans var ki, mərkəzdə və cinahlarda yenilik edək.
Y.Vernidub Rüfət Abbasovun qoldan əvvəl inamsız, daha sonra açılışması barədə danışıb:
“Sizlə tam olaraq razıyam. Gəncdir və milli komandanın oyunçusudur. Ondan gözləntimi özünə demişəm. Komandamızın əsas üzvlərindəndir. Solaxay olsa da, sağ ayaqla çox yaxşı qol vurdu. İkincini də vura bilərdi, dirək imkan vermədi. Bir oyunda azı 1300 metr qaçır”.


