Rinat Faxretdinov UFC-dəki karyerasını başa vurduqdan sonra Rusiya MMA liqalarında çıxış etməyi planlaşdırmadığını bildirib. O, bunun səbəbini həmin təşkilatlarda əsas döyüşçülərin ya tanışı, ya da məşq yoldaşı olması ilə izah edib.

Offsideplus.az xəbər verir ki, Faxretdinov bu barədə belə danışıb: "Rusiya təşkilatlarını heç düşünmürəm. Səbəb sadədir: orada hər bir əsas döyüşçü ya tanışım, ya da sparrinq yoldaşımdır, ya da eyni zalda məşq edirik. Özümüzünkülərlə döyüşmək istəmirik. Döyüşmədiyimiz o qədər əcnəbi var ki, niyə özümüzə qarşı çıxaq?" Faxretdinov sonuncu dəfə UFC-də 6 sentyabr 2025-ci ildə döyüşüb və Andreas Gustafssonu 54 saniyəyə nokaut edib. Buna baxmayaraq, UFC onunla müqaviləni yeniləməyib. Faxretdinovun aktivində 24 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. O, UFC-də heç vaxt uduzmayıb və liqadan ayrılması barədə belə deyib: "Başa düşürəm ki, məsələ məndə deyil."