"Sabah" klubu uşaq futbolunun davamlı inkişafı üçün 10 milyon manatlıq "Sabah Futbol Akademiyası – Gələcəyin istedadları" proqramını təsis edib.

Offsideplus.az xəbər verir ki, büdcənin 5 milyon manatı dövlət tərəfindən ayrılan maliyyə dəstəyi, digər 5 milyon manatı isə klubun Çempionlar Liqasında iştirakdan qazandığı öz vəsaiti hesabına formalaşdırılıb. Proqramın əsas prinsipi bu kapitalı xərcləmək deyil, peşəkar idarəetmə ilə artıraraq uzunmüddətli maliyyə mənbəyinə çevirməkdir. Bilet satışından gələn gəlirin bir hissəsi də bu layihəyə yönəldiləcək.

Layihənin məqsədi ölkə üzrə istedadlı uşaqları aşkarlamaq, müasir məşq metodları tətbiq etmək və akademiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun aparıcı futbol mərkəzinə çevirməkdir.

"Sabah" həmçinin AFFA ilə əməkdaşlıq edəcəyini və özəl şirkətlər üçün "Bünövrə Tərəfdaşı" statusu ilə layihəyə qoşulmaq imkanı yaradacağını bəyan edib.