Ötən gün Azərbaycan futbolunda növbəti qeyri-peşəkar hadisə yaşanıb. "Karvan-Yevlax" və "Mingəçevir" klublarının digər 1-ci liqa təmsilçilərindən daha yaxın münasibətdə olduğu heç kəsə sirr deyil. Amma bu dəfə baş verənlər futbol ictimaiyyətinə qarşı hörmətsizlikdir.

Məsələ burasındadır ki, avqustun 26-da "Karvan-Yevlax" klubu Nicat Şıxamirovun transferini rəsmən açıqlamışdı. Lakin I turun "Mingəçevir" – "Zaqatala" qarşılaşmasında ev sahiblərinin start heyətində məhz Nicat Şıxamirovun adı yer aldı. Cəmi bir həftə əvvəl Yevlax təmsilçisi ilə müqavilə imzalayan futbolçunun "Mingəçevir"ə keçidi barədə heç bir rəsmi məlumat verilməmişdi.

Offsideplus.az olaraq məsələni operativ araşdırmağa çalışsaq da, klub rəsmiləri ilə əlaqə saxlamaq mümkün olmadı. Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, futbolçu "Zaqatala" ilə oyundan cəmi bir neçə saat əvvəl "Mingəçevir"lə müqavilə bağlayıb. Yalnız bundan sonra "Karvan-Yevlax" müqaviləyə xitam verildiyini bildirsə də, "Mingəçevir" digər transferlərindən fərqli olaraq Nicatın keçidini bəyan etməyib.

İndi bu transferi açıqlamağın heç bir əhəmiyyəti yoxdur, çünki hər kəs futbolçunu artıq meydanda gördü. Təəssüf ki, futbolumuzda bu cür "xırda görünən böyük səhvlər" hələ də qalmaqdadır. Ümid edək ki, bundan sonra klublararası "dostluqlar" peşəkarlıqdan üstün tutulmaz.