UFC prezidenti Dana Uayt UFC 330 turnirindən sonra keçirilən mətbuat konfransında İslam Maxaçevin növbəti titul müdafiəsini və Edson Barbozanın karyerasını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Uayt Maxaçevin İan Maçado Qarri üzərində qələbə qazanaraq Anderson Silvanın ardıcıl qələbə seriyasını geridə qoymasını xüsusi qeyd edib. O bildirib ki, Maxaçev artıq ən güclülər sırasında – Anderson Silva, Con Cons, Corc Sen-Pyer və Xabib Nurmaqomedovla birgə "ən yaxşılar" müzakirəsində yer alır. "Əgər onun Adriano Martinsə qarşı bir məğlubiyyəti olmasaydı, bu, heç bir mübahisə doğurmazdı. Bu idmançı daim döyüşmək istəyir, aktivdir və bu gecədən sonra üç-dörd döyüş daha keçirmək niyyətindədir. Düşünürəm ki, onun karyerasının necə davam edəcəyini gözləmək lazımdır", – deyə Uayt vurğulayıb.
Uayt həmçinin UFC-də 15 il çıxış etmiş braziliyalı veteran Edson Barbozanın idmandan getməsinə münasibət bildirib: "O, əsl döyüşçüdür və bu illər ərzində çoxlu çətin qarşılaşmalarda iştirak edib. Onu çox sevirik və hörmət edirik. Barbozanın UFC-də olması bizim üçün böyük şərəf idi".
Sonda Uayt yaxın həftələrdə Contender Series-də əsas döyüşçü olacaq Bella Mir barədə də danışıb. O, Mirin həm UFC, həm də Zuffa Boxing-də uğur qazanmaq istədiyini, hətta Olimpiya medalına və UFC BJJ çempionluğuna iddialı olduğunu bildirib: "O, inanılmaz istedada malikdir və döyüş idmanlarında fərqlənir. Onun gələcəyini səbirsizliklə gözləyirəm".


