AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupunda 4-cü tur çərçivəsində keçirilən “Sabah” - “Zirə” qarşılaşmasını tribunalardan izləyib.

Offsideplus.az xəbər verir ki, təşkilati işlərlə yaxından maraqlanan baş katib könüllülərlə görüşüb, matçların "CBC Sport" və Bakı Futbol Federasiyasının (BFF) "yutub" kanalında canlı yayımlanması üçün görülən işləri yüksək qiymətləndirib.

Cahangir Fərəcullayev BFF prezidenti Tahir Süleymanovla fikir mübadiləsi apararkən "Sabahın Ulduzları" layihəsinin müstəsna rolunu vurğulayıb.

Baş katib bu turnirin ölkəmizdə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalı üçün müvafiq yaş qrupu üzrə milli komandanın formalaşdırılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib.