UFC-nin Los-Ancelesdə keçiriləcək UFC 331 turnirində əsas diqqət cəlb edən döyüşlərdən biri Joshua Van ilə Aleksandre Pantoja arasında olacaq. Döyüşçülər ilk mətbuat konfransında bir-birinə qarşı sərt ifadələr işlədib və gərgin anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, Filadelfiyada UFC 330-un rəsmi çəkiölçmə mərasimindən əvvəl keçirilən tədbirdə Van rəqibinə açıq şəkildə meydan oxuyub: "Sentyabrın 19-da onun işini bitirəcəyəm". Pantoja isə ilk döyüşdə zədə səbəbindən kəmərini itirdiyini xatırladıb və bu dəfə revanş almaq istədiyini bildirib. Van isə həmin döyüşdə zədə olmasaydı belə, nəticənin dəyişməyəcəyini deyib: "O gün də onu məğlub edəcəkdim. Sentyabrın 19-u isə bunu bir daha sübut edəcəyəm".
Bu sözlər Pantojanı qəzəbləndirib. Braziliyalı döyüşçü isə cavabında bildirib: "Əvvəlcə, dilinə fikir verməlisən. Mən Braziliyadanam və orada dediyin sözə görə cavab verməlisən. Əks halda, dişlərini itirə bilərsən". Pantoja əlavə edib ki, kəmərini itirsə də, kişi kimi məğlub olmadığını düşünür və ardıcıl səkkiz qələbəsini xatırladıb. Van isə onun sözünü kəsərək bildirib: "Biz sənin hekayən üçün yox, döyüş üçün buradayıq".
Gərginlik artdıqda Pantoja Vanın üstünə yeriməyə cəhd edib, lakin təhlükəsizlik əməkdaşları müdaxilə edib. Sonda Pantoja çempion Vanı bir daha xəbərdar edib: "Sentyabrın 19-da qəfəsdə mənimlə üz-üzə qalacaqsan".
Qeyd edək ki, UFC 331 sentyabrın 19-da Los-Ancelesdə Crypto.com Arenada baş tutacaq. Tədbirin proqramında dəyişikliklər olsa da, Van və Pantoja arasındakı revanş döyüşü gecənin əsas qarşılaşmalarından biri olacaq.


