UFC-nin növbəti böyük tədbiri olan UFC 331-də əsas diqqət cəlb edən qarşılaşmalardan biri Joshua Van və Aleksandre Pantoja arasında baş tutacaq revanş döyüşüdür. Los-Ancelesdə keçiriləcək turnir öncəsi təşkil olunan ilk mətbuat konfransında iki idmançı arasında gərgin anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, Filadelfiyada UFC 330-un rəsmi çəkiölçmə mərasimindən əvvəl keçirilən tədbirdə Van rəqibinə açıq şəkildə meydan oxuyub və "19 sentyabrda Pantojanı qəfəsdə cəzalandıracağını" bildirib. Pantoja isə ilk döyüşdə zədə səbəbindən kəmərini itirdiyini xatırladıb, lakin Van həmin gün də nəticənin dəyişməyəcəyini vurğulayıb. Braziliyalı döyüşçü Vanın sözlərinə sərt reaksiya verib: "İlk növbədə, dilinə fikir ver. Braziliyada dediyin sözə cavab verməlisən, əks halda dişlərini itirə bilərsən." Gərgin dialoq zamanı Pantoja Vanın sözünü kəsməsinə əsəbiləşib və təhlükəsizlik əməkdaşları tərəfindən sakitləşdirilib. Sonda Pantoja bildirib: "19 sentyabrda qəfəsdə mənimlə üz-üzə qalacaqsan."
Qeyd edək ki, UFC 331 sentyabrın 19-da Los-Ancelesdəki Crypto.com Arenada baş tutacaq. Turnirin əsas döyüşlərindən biri kimi nəzərdə tutulan Çarlz Oliveyra və Arman Tsarukyan qarşılaşması isə Oliveyranın komanda yoldaşı Allan Nasimentonun vəfatı səbəbindən baş tutmayacaq.


