Futbol dünyası daha bir ulduzla vidalaşdı.
Offsideplus.az xəbər verir ki, A Seriyası tarixinin və İtaliya futbolunun ən böyük bombardirlərindən biri olan Çiro İmmobile 36 yaşında peşəkar futbolçu karyerasına rəsmən nöqtə qoydu.
Ailəsinə daha çox vaxt ayırmaq və son zamanlar onu narahat edən zədələrdən sonra bu qərarı verdiyini bildirən İmmobile, vida bəyanatında azarkeşlərə "Mənim üçün qəmgin olmayın" mesajını ünvanlayıb.
Karyerasının əsas uğurları:
-
Zəngin karyera: 17 illik peşəkar karyerası ərzində 650-dən çox matça çıxan İmmobile 320-dən artıq qola imza atıb.
-
"Latsio" əfsanəsi: 2016–2024-cü illərdə "Latsio" formasını geyinən hücumçu vurduğu 169 qolla klub tarixinin ən sərrast futbolçusu adını qazanıb.
-
"Qızıl Buts" və titullar: 2019/20 mövsümündə A Seriyasında 36 qol vuraraq həm İtaliya rekordunu təkrarlayıb, həm də Avropanın ən yaxşı bombardirinə verilən Avropa Qızıl Buts mükafatını qazanıb.
-
4 Dəfə A Seriyasının Bombardiri: O, İtaliya çempionatında 4 fərqli mövsümdə (2013/14, 2017/18, 2019/20, 2021/22) ən çox qol vuran oyunçu olub.
-
Milli komanda uğuru: İtaliya milli komandası ilə 57 oyunda 17 qol vuran İmmobile, Avro 2020 turnirinin çempionu kimi Avropa qızıl medalını boynundan asıb.

Karyerası ərzində "Yuventus", "Torino", "Borussiya Dortmund", "Sevilya", "Latsio", "Beşiktaş", "Bolonya" və son olaraq "Paris FC" kimi nüfuzlu klubların şərəfini qoruyan İmmobile modern İtaliya futbolunun ən unudulmaz hücumçuları sırasına adını yazdırdı.


