Misli Premyer Liqasının azarkeşlərinin gözü aydın! Nəhayət ki, 2026/27 mövsümü start götürdü. Özü də ölkəmizdə futbolun ən çox sevildiyi, azarkeş coşğusu ilə seçilən bölgələrimizdən birində — Tovuzda.
Mövsümün açılış matçında “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul etdi. Ötən mövsümdən öyrəşdiyimiz ssenari bu dəfə də təkrarlandı — Qərb təmsilçisi minimal hesabla vacib qələbə qazandı. Matç günü təkcə şəhər stadionunda deyil, bütün Tovuzda futbolsevərlərin yaratdığı əsl bayram ab-havası duyulurdu. Çempionatın startı ilə “Turan Tovuz”un doğma azarkeşləri önünə çıxması şəhərdə ikiqat bayram əhval-ruhiyyəsi yaratmışdı.
Tribunaları dolduran 5000-ə yaxın azarkeşin canlı izlədiyi qarşılaşmada hakimlik də diqqətdən yayınmadı. Görüşün baş hakimi Tural Qurbanovun qərarları ciddi müzakirə mövzusuna çevrilmədi və idarəçilik ümumilikdə qanaətbəxş dəyərləndirildi.
Yeni transfer Dioqo Balaunun dəqiq və məhsuldar ötürməsini Enrike Silva tora qovuşduraraq matçın yeganə qoluna imza atdı. Oyunun tempi aşağı olsa da, təşəbbüsü əldə saxlayan və görüşün axarını diktə edən tərəf məhz tovuzlular idi.
Beləliklə, “Turan Tovuz” Misli Premyer Liqasının açılış qarşılaşmasında “Qəbələ”nin qapısından bir top keçirərək aktivinə ilk 3 xalı yazdırdı.
Qeyd edək ki, Kurban Berdıyevin komandası ötən mövsümün ilk turunda da analoji nəticə göstərmişdi. Həmin vaxt “bozqurdlar” “İmişli”ni 1:0 hesabı ilə məyus edərək çempionata qələbə ilə başlamışdılar.


