UFC-nin təcrübəli döyüşçüsü Edson Barboza bu şənbə UFC 330-da növbəti dəfə qəfəsə çıxacaq. 

Offsideplus.az xəbər verir ki, braziliyalı idmançı son üç döyüşündə məğlub olub, son qələbəsini isə 2023-cü ildə Sodiq Yusuff üzərində qazanıb.

O, Filadelfiyada keçiriləcək UFC 330-da Esteban Ribovicsə qarşı döyüşəcək. Bu şəhər Barboza üçün xüsusi əhəmiyyət daşıyır, çünki o, 2019-cu ildə burada Castin Geyci ilə qarşılaşmışdı. Barboza keçmişə və ya rəqibinin planlarına diqqət yetirmədiyini bildirib: "Rəqibimin nə edəcəyi önəmli deyil, mən öz işimi görməliyəm. Hər zaman müharibəyə hazırlaşıram."

Karyerasını bitirmək məsələsinə gəlincə, Barboza bu barədə qəti qərar vermədiyini deyib: "Düzünü desəm, nə olacağını bilmirəm. Hazırda bütün diqqətimi şənbə gününə yönəltmişəm. Nə təqaüd, nə də növbəti döyüş barədə düşünürəm."

Barboza əlavə edib ki, əvvəllər hər döyüşdən sonra növbəti qarşılaşmanı düşünürdüsə, indi yalnız qarşıdakı döyüşə köklənib. O, ailəsi ilə daha çox vaxt keçirmək istədiyini də vurğulayıb: "Bir misal çəkim, ötən bazar ailəmlə birlikdə hovuzda idik. Hava çox isti idi, uşaqlar və həyat yoldaşımla əyləndik, amma mən artıq çəki salmağa başladığım üçün yoruldum və evə keçməli oldum. Onlar çöldə oynadılar, mən isə bu anları yenə qaçırdım. Artıq bu vaxtları itirmək istəmirəm. Düşünürəm ki, bəlkə də dayanmağın vaxtıdır. Bəlkə də, görək necə olacaq."

Barbozanın karyerası ilə bağlı yekun qərarı UFC 330-dan sonra bəlli olacaq.