Bu gün "Sea Breeze" istirahət mərkəzində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının 20-ci mərhələsinə start verilir.

Offsideplus.az xəbər verir ki, turnirdə ölkəmizi Azərbaycan milli komandası və "Neftçi SOCAR" klubu təmsil edəcək.

Azərbaycan yığması mübarizəyə təsnifat mərhələsindən başlayacaq. A qrupunda yer alan millimizin raqibləri Ukrayna və Misir olacaq.

Təsnifat oyunlarının təqvimi:

  • 10:00. Ukrayna – Azərbaycan

  • 10:50. Misir – Azərbaycan

Bu üçlü qrupun qalibi adını əsas mərhələyə yazdıracaq və C qrupunda Almaniya həmçinin Latviya yığmaları ilə üz-üzə gələcək.

Digər təmsilçimiz "Neftçi SOCAR" isə birbaşa əsas mərhələdə mübarizə aparacaq. B qrupunda yarışacaq komandamız "Arrasate" və "Yantszin" klubları ilə qüvvəsini sınayacaq.

"Neftçi SOCAR"ın matç cədvəli:

  • 15:50. "Neftçi SOCAR" – "Arrasate"

  • 17:40. "Neftçi SOCAR" – "Yantszin"

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar. Pley-off qarşılaşmaları sabah - avqustun 16-da baş tutacaq.