UEFA Millətlər Liqasının oyunları çərçivəsində Azərbaycan millisi Slovakiya və Qazaxıstan seçmələri ilə qarşılaşacaq.
Tanınmış futbol mütəxəssisi Yunis Hüseynov yığma komandamızın keçirəcəyi oyunlar barədə fikirlərini Offsideplus.az-la bölüşüb.
"Sabahkı oyunda milli komandamıza uğurlar arzulayıram. Hamımız yığmamızın qalib gəlməsini istəyirik. Həm Slovakiya, həm də Qazaxıstan millilərinin qrupda birinci yerə çıxmaq şansı daha çoxdur, nəinki bizim. Möcüzə lazımdır ki, Qazaxıstan komandası iki oyun uduzsun və biz iki oyunda qalib gəlib birinci pillədə qərarlaşaq. Komandamız Bakıdakı oyunda Slovakiyaya 0:1 hesabıyla uduzsa da, pis təsir bağışlamamışdı. Oyun heç-heçə ilə də başa çata bilərdi. Əfsuslar olsun ki, səhvi bağışlamayıb qol vurdular. Sabahkı oyuna gəlincə, rəqib var gücü ilə oynayacaq. Onların şansı, bizimkindən daha çoxdur. Lakin 60% Azərbaycan millisinin qalib gələcəyinə inanıram. Qazaxıstan sabah Belarusla oyunda qalib gəlsə, komandamızın Bakıdakı görüşdə onları məğlub edəcəyini düşünürəm. Belarus üzərində qələbə qazansa, birinci yeri təmin edəcəklər. Bu səbəbdən "Dalğa Arena"dakı qarşılaşma millimizin qələbəsi ilə başa çata bilər".
57 yaşlı mütəxəssis "Qarabağ"ın futbolçusu Qara Qarayevin milliyə dəvət almamasının onu təəccübləndirdiyini bildirib:
"Qara Qarayev milli komandanın əsas oyunçularından biri, kapitanıdır. Açığı, Qaranın çağırılmadığına çox təəccübləndim. Bilirsiniz ki, Qarayev avrokuboklarda əsas heyətdə oynayırdı, yaxşı performans sərgiləyirdi. O, həmişə stabil oynayan bir futbolçudur. Milliyə dəvət almaması baş məşqçinin qərarıdır. Canni de Byazi komandada baş verənləri, taktikanı, kimə üstünlük verəcəyini seçir. Qarayevin Azərbaycan futbolunda ağsaqqallığı var, futbolçular arasında hörməti var. Təcrübəli futbolçu kimi meydana çıxmasa belə, çağırılsaydı oyunçulara dəstək ola, motivasiya verə bilərdi. Buna görə, milli komandaya dəvət almaması təəccüb doğurdu. Bu, de Byazinin işidir. Komandanın daxilində nələr baş verdiyini bilmirik".
Xatırladaq ki, Azərbaycan millisi sentyabrın 22-də səfərdə Slovakiya, sentyabrın 25-də "Dalğa Arena"da Qazaxıstan yığması ilə qarşılaşacaq.
Offsideplus.az