"Haiti yığması ilə oyunda məğlubiyyətə səbəb futbolçularımızda fərdi ustalıq səviyyəsinin çatışmaması oldu. Milli komandamızın üzvləri arasında futbol anlayışına, meydançanı görmək bacarığna malik olanlar, topla yaxşı davrananlar var. Ancaq onların sayı barmaqla sayılacaq qədərdir".

Bu fikirləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının və "Neftçi"nin veteran futbolçusu Yunis Hseynov deyib.

Martın 22-də yığmamız Haitiyə yoldaşlıq görüşündə 0:3 hesabı ilə məğlub olub.

Y.Hüseynovun sözlərinə görə, haitililər fərdi keyfiyyətlərə görə üstün olublar: "Fərdi ustalıq komanda oyununda vacib amildir. Ustalıq cəmi 2-3 futbolçudan başqa qalanlarında yoxdursa, bu, nəticəyə birbaşa təsir göstərir. Haiti komandası məhz yüksək ustalıq səviyyəsinə, fərdi keyfiyyətlərə və fiziki hazırlığa görə bizimkiləri üstələdilər".

Veteran futbolçu bu gün keçiriləcək Azərbaycan - Belarus beynəlxalq yoldaşlıq görüşündən də söz açıb: "Belarus yığması əvvəlki səviyyəsində deyil. Mənə elə gəlir ki, futbolçularımız yaxşı nəticə qazanacaqlar. Milii komandamızın qalib gələcəyini düşünürəm".

Qeyd edək ki, yığmamızın Belarusla matçı bu gün saat 21:45-də start götürəcək.