"Payızda keçiriləcək oyunda faciə təkrarlanmayacaq. Əminəm ki, 0:10 hesabı ilə məğlub olmayacağıq, bəlkə Fransanı uda da bilərik".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında  Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda "Turan Tovuz"da məşqçi çalışan Yunis Hüseynov deyib.

Veteran futbolçu 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının səfərdə Fransaya 0:10 hesablı məğlubiyyətinin iştirakçısı olub. Onun sözlərinə görə, "Oser faciəsi" adlanan bu görüşdə darmadağına futbolçuların fiziki durumu səbəb olub: "0:10 hesablı məğlubiyyəti xatırlamaq heç də xoş deyil. Fransanın bizimlə oynayan futbolçu nəsli bir neçə il sonra həm dünya, həm də Avropa çempionu titulunu qazandı. Tarixdə ən güclü heyətləri idi. Hamı deyir ki, əşi, 10:0 uduzublar... Ancaq onu deyim ki, indiki şərait bizim üçün yaradılsaydı, nəinki məğlub olardıq, bəlkə qalib gələrdik. Təlim-məşq toplanışları, qidalanma, səfərlərin təşkili indiki kimi olsaydı, istənilən rəqibə qarşı yaxşı oyun göstərib, nəticə əldə edərdik. O zamanlar bizim heç bir şəraitimiz yox idi. Sıfır... Nazim Süleymanov, Aleksandr Jidkov, Emin Ağayev Rusiya, Vəli Qasmov İspaniya çempionatından yığmanın düşərgəsinə gəldiklərinə görə fizki cəhətdən güclü idilər. Azərbaycanda oynayanların fiziki durumu isə bərbad idi. 20-25-ci, maksimum 30-cu dəqiqədə gücümüz tükənirdi. Biz bu səbəbə görə 0:10 uduzmuşuq. Oyunun videoyazısına baxa bilərsiniz. Görəcəksiniz ki, ilk 20-25 dəqiqədə, yəni gücümüz olanda, hücumlar qurmuşuq, qapıya zərbələr endirmişik".

azerbaycan_milli_komandası 

Azərbaycan milli komandası 30 illik fasilədən sonra yenə Fransaya səfərə yollanacaq. Həmyerlilərimiz oktyabrın 10-da dünya çempionatının seçmə mərhələsində "xoruzlar"a qarşı mübarizə aparacaqlar. Yunis Hüseynov düşünür ki, bu dəfə eyni rüsvayçılıq təkrarlanmayacaq: "Fransızların indiki futbolçu nəsil o vaxtkından dəfələrlə geri qalır. İndi heyətdə Mbappe, Dembele, Kamavinqa var, vəssalam. 30 il əvvəl start heyətində oynayanların hamısı ulduz idi. Həm Fransa yığması o vaxtkından zəifdir, həm də milli komandamız fiziki cəhətdən artırıb. Demək olmaz ki, bizimkilər fransızlardan fiziki baxımdan çox geri qalacaqlar. Fiziki yox, ustalıq cəhətdən rəqibə uduza bilərik. Ancaq bu futboldur, hər şey ola bilər. 0:10 uduzmaq nədir, Fransanı uda da bilərik. Meydançaya aqressiv, istəklə çıxanda, qələbə qazanmaq olur. Demirəm ki, hər oyunda bu cür qalib gəlmək mümkündür. Amma aqressiyanın sayəsində 1-2 görüşdə sensasiya etmək olar".

yunis_huseynov 

Qeyd edək ki, yığmamız Fransa ilə ikinci görüşü noyabrın 16-da evdə keçirəcək. Bu, fransızların əsas milli komanda səviyyəsində Azərbaycana ilk səfəri olacaq.

BU DA MARAQLIDIR:

Azərbaycan - Fransa matçı tarixə düşəcək