U-21 Azərbaycan milli komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən Moldova yığmasını 2:0 hesabla məğlub edib. 

Offsideplus.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Ayxan Abbasov sözügedən oyunla bağlı fikirlərini bölüşüb. Gənc mütəxəssis qısa vaxtda keçirilən bu oyunlardan sonra da seleksiya işlərinin davam edəcəyini bildirib:

“İlk oyunda qələbə qazanmaq hamımızı sevindirdi. Futbolçuları tanıyırıq. Düzdür, bəziləri birinci dəfə idi bir yerdə oynayırdılar. İnanıram ki, ilk toplanışımız xeyrimizə olacaq. İki gündən sonra da Şimali Makedoniya ilə qarşılaşacağıq. Qısa vaxtda oyunlar keçirmək çox önəmlidir. Qarşıdan gələn ardıcıl rəsmi matçlara hazır olmalıyıq. Moldova ilə görüşdə bəzi futbolçuları yaxından tanımaq imkanım oldu. Təbii ki, seleksiya işlərini davam etdirəcəyik. Növbəti toplanışa yeni oyunçular da dəvət olunacaq. Yayda baş tutacaq hazırlıq zamanı komanda olaraq daha çox artıracağımıza inanıram. Əlbəttə ki, bəzi çatışmazlıqlarımız var. Futbolçuların öz klublarında az oyun şansı əldə etmələrini Moldova ilə qarşılaşmanın sonlarında hiss etdik. Onlara da demişəm ki, klublarında müntəzəm oynamaq üçün öz üzərlərində çalışmalıdırlar. Rəqibin kimliyindən asılı olmayaraq, meydançada məğlubiyyətlə barışmaq olmaz. Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi. Bunları növbəti matçlarda da görmək istəyirik”.

Qeyd edək ki, yığmamız martın 25-də Şimali Makedoniya yığması ilə yoxlama görüşü keçirəcək.