"Sabah oynayacaq start heyət artıq məlumdur. Qərar verilib. Ancaq bunu İndidən deyə bilmərəm. Sərəncamımızda olan bütün futbolçular bizimlə olacaqlar, bəziləri start heyətdə meydançaya çıxacaq, bəziəri isə ehtiyatda oturacaq".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Sabah Haiti ilə yoldaşlıq görüşü barədə danışan portuqaliyalı çalışdırıcı rəqib haqda məlumat topladıqlarını bildirib: "Əlbəttə, yaxşı komandaya qarşı oynayacağıq. Təcrübəli futboçuları var, son 5-6 matçlarının videoyazısını izləmişik. Haitinin müsbət və mənfi cəhətləri var, analiz etmişik. Bu günə qədərki məşqlərdə bunun üzərində çalışmışıq. Onlar hücum futbolu oynayırlar. İki hücumçu ilə çıxış edirlər və onların hər ikisi cəlddir. Oyunboyu komanda yoldaşları onları axtarır. Biri "Kayserispor"da oynayır, digəri AEK-də. Bu milli komanda hücumda top itkisindən sonra özlərini itirmir, top qazanmaq üçün təzyiq göstərirlər. Müdafiə baxımından zəif nöqtələri var, bunu açıqlamayacağam. Sabah məhz bu zəif nöqtəyə diqqət yetirəcəyik. Məşqləri yaxşı keçirdik əhval ruhiyyə qənaətbəxşdir. Düzdür, sabahkı yoldaşlıq oyunu bizə xal verməyəcək. Biz bir milli komanda kimi məğlub olmaq istəmirik. Ona görə Haiti ilə qarşılaşma bizim üçün çox vacibdir".