Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən Azərbaycan - Haiti (0:3) yoldaşlıq görüşündən sonra qeyri-adi olaylar baş verib.

Offsideplus.az saytının əməkdaşı xəbər verir ki, matçın ardınca təşkil edilən mətbuat konfransında tərcüməçi problemi yaranıb.

Buna Haiti yığmasının baş məşqçisi Sebastien Minye ilə yanaşı yarımmüdafiəçi Leverton Pyerin də jurnalistlər önünə çıxması səbəb olub.

Adətən oyunsonrası mətbuat konfranslarına təkcə baş məşqçilər qatılırlar. Ancaq Haiti yığması bu dəfə ənənəni pozmaq qərarına gəlib.

Elə ki Leverton Pyer danışmağa başlayıb, zalda dil problemi yaşanıb. Çünki haitili futbolçu doğma fransızca ünsiyyət qurmağa üstünlük verib. Vəziyyətdən dərhal çıxmağa çalışan baş məşqçi Sebastien Minye tərcüməçiyə çevrilib. 

Beləliklə, Pyer fikirlərini fransızca bildirib, Minye isə onun sözlərini ingiliscəyə tərcümə edib. Mətbuat konfransında iştirak edən azərbaycanlı tərcüməçi Minyedən eşitdiklərini doğma dilimizə çevirməklə, Pyerlə jurnalistlər arasında ünsiyyət yaranmasna yardımçı olub.