UEFA Çempionlar Liqasının mövsümündə 1/8 final mərhələsinin cavab oyununda “Qalatasaray” səfərdə “Liverpul”la qarşılaşıb. Matç İngiltərə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb və İstanbul klubu turnirlə vidalaşıb.
Oyunda “Qalatasaray”ın əsas heyətində meydana çıxan Victor Osimhen ilk hissədə zədələnərək oyunu davam etdirə bilməyib. İkinci hissədə meydana daxil olan Noa Lang da ciddi zədə alıb.
Offsideplus.az xəbər verir ki, matçdan sonra klub hər iki futbolçunun vəziyyəti ilə bağlı rəsmi açıqlama yayıb.
Matçdan sonra xəstəxanaya aparılan Osimhenin yoxlamaları nəticəsində futbolçunun sağ ön qolunda sınıq aşkarlanıb və qoluna gips qoyulub. Onun əməliyyat olunub-olunmayacağı yaxın günlərdə dəqiqləşəcək.
Noa Lang isə ikinci hissədə zədələnib. Klubun açıqlamasına görə, onun sağ baş barmağında ciddi kəsik yaranıb. Futbolçunun əməliyyat olunması planlaşdırılır və tibbi prosedur yaxın saatlarda həyata keçiriləcək.


