"İlk öncə onu vurğulamaq istəyirəm ki, komandanın oyunundan razı qaldım. Ardıcıl 9-cu qələbəmizi qazandıq. Azərbaycanın sayəsində Avropada ilk dəfə qalib gəldik. Yəni, Haiti millisi burada tarix yazdı".

Offsideplus.az xəbər verir ki, bu sözləri Haiti milli komandasının baş məşqçisi Sebastyan Minye deyib.

Onun rəhbərlik etdiyi kollektiv bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub edib.

Fransız çalışdırcı matçdan sonra keçirilən mətbuat konfransında Azərbaycanı rəqib seçməklərinin səbəbini də açıqlayıb: "Bizim bu tarixdə 5 komanda ilə oynamaq şansımız var idi. Azərbaycandan savayı, İsveçrə, İrlandiya variantları da var idi. Sizin ölkənizdə hər şeydən razı qaldıq. Qarşılanma, otel, bütün səfər proqramı ürəyimizcə oldu. Hər şeyə görə təşəkkür edirik".

S.Minye Azərbaycan yığmasının müsbət və ya mənfi cəhətləri haqda danışmaq istəməyib: "Biz rəqibi təhlil etmişdik. Mənfi və müsbət tərəflərini bilirdik. Özümüzə fokuslanmaq istəyirəm. Oyun maraqlı oldu. Növbəti addımımız qitə turniridir".