Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti ilə yoldaşlıq görüşündən (0:3) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Dünən oyunöncəsi mətbuat konfransında demişdiniz ki, start heyət məlumdur. Əgər gecə yuxuda 0:3 hesabı ilə uduzacağınızı görsəydiniz, yenə bu start heyətdən yararlanardınız?

- Əlbəttə, yuxuda uduzacağımızı görsəydim, heyəti dəyişərdim. Düşünürəm ki, bu gün komanda meydançaya məğlub olmağa çıxmışdı. Qələbə üçün oynamırdı. Təbii ki, yığmanın oyunundan narazı qaldım. İkinci hissədə hücumameyilli oyunçuları mübarizəyə qoşduq. Eyni zamanda orta xətdə dəyişiklik edərək, intensivliyi artırdıq. İkinci hissənin əvvəlində daha balanslı oyun getdi. Amma ikinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Xəyal Əliyev, Səbuhi Abdullazadə meydançaya daxil olduqdan sonra daha çox epizod yaratsaq da, dəyərləndirə bilmədik.

- Elvin Cəfərquliyevin rəsmi matçlarda qırmızı vərəqə aldığını çox görmüşük. Bu dəfə yoldaşlıq görüşündə meydançadan qovuldu. Özü də ardıcıl 2 sarı aldı. Təcrübəli mütəxəssis kimi futbolçunun bu hərəkətini necə dəyərləndirirsiniz?

- Elvinin özü ilə bu barədə danışdım. Bunun yolverilməz olduğunu söylədim. Təkcə buna görə oyunçunu qınaya bilmərik.

- Əvvəlki açıqlamalarınızda bildirmişdiniz ki, gələcəyin millisini qururuq. Ozan Can Kökçü türk, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov yaşlı, Aleksey İsayev isə rusdur. Bu oyunçularla gələcəyin milli komandasını necə qurmaq olar?

- Bədavi ən yaxşı futbolçularımızdandır. Yığmanın inkişafını istəyirsinizsə, təcrübəli oyunçular lazımdır. Nəriman Axundzadə 20, Musa Qurbanlı 22, Səbuhi Abdullazadə 22, Xəyal Əliyev 20, Rəhman Daşdəmirov 25 yaşındadır.  

- Qeyri-azərbaycanlı futbolçuları oynatmağın əleyhinəyik...

- Təkrar edirəm, Bədavi və Şahruddin təcrübəlidir. Gənclər milli komandaya gələndə təcrübəlilərdən dəstək görməlidirlər. Dünya təcrübəsində "milliləşdirmiş" futbolçular çoxdur. Pepe 40 yaşına qədər Portuqaliyada oynadı, amma milliyətcə braziliyalıdır. Əgər insan milliyə sevgi ilə yanaşırsa, problem yoxdur

- Üç gündən sonra Belarusa qarşı keçiriləcək oyunda köklü dəyişiklik olacaq? I Liqadan çağırılan Şahin Şahniyarovu heyətdə görəcəyik?

- Növbəti oyunda dəyişiklik olacaq. Əlbəttə, növbəti matç istədiyimiz axarda getsə, Şahinə şans verəcəyik. İstedadlı futbolçudur. Onun milli komandanın abu-havasını hiss etməsi vacibdir. Strateji cəhətdən mənim üzərimə düşən vəzifə fərqli addımlar atmaqdır. Növbəti oyunda dəyişiklik etmək üçün bütün məsuliyyət məndədir.

- Haiti yığmas 3-cü qolu vuranda azarkeşlərimiz rəqibi alqışladılar. Nə vaxtsa Azərbaycan komandası qol vuranda, rəqib azarkeşlər bizi alqışlayacaqmı? Və həmin vaxt Santuş baş məşqçi vəzifəsində olacaq?

- Futbolda belə hallar baş verir. Milli komandadan qələbə gözləyirlər. Biz bunun üzərində çalışmalıyıq ki, hər şeyi yaxşıya doğru dəyişək. 

- Təxminən 1 ildir milli komandamıza baş məşqçi işləyirsiniz. Bu zaman ərzində nələri dəyişdiyini düşünürsünüz? Uğursuzluğa nə vaxt son qoyulacaq?

- Sözün əsl mənasında inanıram ki, Azərbaycan yığmasının oyununda dəyişiklik etmək mümkündür. Futbolçuların potensialına uyğun olaraq, deyirdim ki, hücum futbolu göstərə bilərik. Belə baxıram ki, əks hücumda oynasaq, daha yaxşı olacaq. Məşqçi kimi dəyişiklik etməliyəm. Öncə düşünürdüm ki, bu oyunçulrla daha çox hücum oynamaq olar. Artıq müdafiədə oturub, əks-hücuma çıxmağın yaxşı olacağını görürəm. Növbəti matçda həm sistemdə, həm heyətdə dəyişiklik baş verəcək.