Təcrübəli italiyalı baş məşqçi Karlo Ançelotti Braziliya millisiylə yeni müqavilə imzalamağa çox yaxındır.
Offsideplus.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, tərəflər arasındakı müqavilə 2030-cu ilə qədər uzadılacaq.
Bu anlaşma Ançelottiyə dünyanın ən yüksək maaşlı baş məşqçisi statusunu qazandıra bilər. “Real Madrid”, “Milan”, “Çelsi” və PSJ kimi nəhəng klubları çalışdırmış mütəxəssisin Braziliya Federasiyasını razı salan əsas məqam isə Neymarı komandaya qaytarmaqdan imtina etməsi olub.
Neymarın kənarda qalması ölkədə rezonans doğurub
"Santos"un 33 yaşlı ulduz futbolçusunun milli komandaya çağırılmaması Braziliyada böyük müzakirələrə səbəb olub. Neymar ölkədə çox böyük populyarlığa malikdir və bu qərar Ançelottinin cəsarətli addımı kimi qiymətləndirilir.
Ançelottinin rəhbərliyi altında komanda performansını artırıb və artıq 2026 Dünya Çempionatının iddialı iştirakçılarından biri kimi göstərilir. Braziliya mundialda qrupda Mərakeş, Şotlandiya və Haiti ilə mübarizə aparacaq.
AS yazır ki, tərəflər artıq bütün detallar barədə razılığa gəlib və yalnız rəsmi imza qalıb.



