"Sabahkı oyunda rəqib tanış deyil. Bununla belə, Haiti yığmasının heyətində təcrübəli futbolçular oynadıığını bilirik. İnanıram ki, matç maraqlı alınacaq".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə bu gün Haiti ilə yoldaşlıq oyununa həsr olunmuş mətbuat konfransında deyib.
O, qalib gəlmək istədiklərini bildirib: "Hazırlıq prosesi yaxşı gedir, yığmanın düşərgəsində hər şey qaydasındadır. Heyətə ilk dəfə çağırılanlar həvəslidirlər. Onlar yığmada ilk oyunlarını keçirmək istəyirlər. Təcrübəli futbolçular yeni gələnlərə adaptasiya olmaqda yardım göstərirlər. Sabahkı qarşılaşmada baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Düzgün oynamağa cəhd edəcəyik. Bəzən düzgün oynamaqla, yaxşı oynamağı qarışdırırlar. Haiti üzərində qələbə qazanmaq istəyirik. Bizim buna ehtiyacımız var. Milli komandada qələbə mentalitetini formalaşdırmaq istəyirik".
Qeyd edək ki, Azərbaycan - Haiti matçı sabah Sumqayıtda olacaq.