Martın 22-də Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Haiti milli komandasının heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Sebastien Minye ölkəmizə 23 futbolçu gətirəcək. Bunlardan 19 nəfəri Haitidən kənarda legioner həyatı yaşayırlar.
Heyətdə ən çox diqqətçəkən ad Fafa Pikodur. 34 yaşlı hücumçu ABŞ-ın "İnter Mayami" klubunun şərəfini qoruyur. Dünya ulduzu Lionel Messi ilə çiyin-çiyinə oynayan Piko Mayami təmsilçisinə 2 ay öncə transfer olunub. O, yeni komandasında artıq 2 görüşə çıxmağa imkan tapıb.
Pikonun yığma karyerası da çox maraqlıdır. Vaxtilə ABŞ yığmasını seçən (2016-18-ci illər, 2 oyun) istedadlı futbolçu 2023-cü ildən etibarən Haiti yığmasının formasını geyinir. Bu müddət ərzində 14 matçda 1 qol vurub.
Qeyd edək ki, Azərbaycan - Haiti qarşılaşması martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stdionunda baş tutacaq.