AFFA bütün yaş qrupları üzrə qadın milli komandalarında vahid futbol və inkişaf modeli formalaşdırır.
Offsideplus.az xəbər verir ki, qurumun Qadın Futbolu Departamentinin texniki direktoru Emrah Aykurt qızlardan ibarət U-15 və U-17 yığmalarının məşqçi heyətindəki dəyişiklikləri şərh edib. O bildirib ki, əsas məqsəd U-15, U-17, U-19 və A millinin eyni oyun fəlsəfəsi və məşq prinsipləri əsasında fəaliyyət göstərməsidir. Bu səbəbdən A millinin köməkçi məşqçiləri aşağı yaş qruplarına baş məşqçi təyin olunublar.
E.Aykurt qadınlardan ibarət A millinin futbolçuları Manə Mollayeva (U-15-ə köməkçi məşqçi) və Günay İsmayılovanın (qapıçılar üzrə məşqçi) yeni vəzifələrinin gənc oyunçular üçün rol modeli olacağını vurğulayıb. Bundan başqa, Əli Muradovun bütün aşağı yaş qrupları üzrə fitness hazırlığı üzrə məşqçi təyin edilməsi ilə fiziki hazırlıq standartlarının da vahidləşdirilməsi hədəflənir.
Texniki direktor bu addımların əsas milliyə keçid prosesini daha effektiv edəcəyinə inanır.


