“Neftçi” İdman Klubunun təmsilçiləri ilin birinci yarısında 818 medal qazanıblar.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu il də böyük uğurlara imza ataraq, öncüllüyünü qorumaqdadır.
Belə ki, klubun idmançıları ilin ilk yarısında əldə etdikləri medalların sayına görə yenə də liderliyi əldən verməyiblər. Klubun yetirmələri ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda əzmlə mübarizə apararaq, 284-ü qızıl, 218-i gümüş və 316-sı bürünc olmaqla, ümumilikdə 818 medala yiyələniblər. Təmsilçilərimiz dünya yarışlarında 35 (7 qızıl, 11 gümüş, 17 bürünc), Avropa yarışlarında 52 (14 qızıl, 17 gümüş, 21 bürünc), beynəlxalq turnirlərdə isə 139 medal (55 qızıl, 32 gümüş, 52 bürünc) qazanıblar.
Respublika səviyyəli yarışlarda 295 dəfə fəxri kürsüyə qalxan (116 qızıl, 77 gümüş, 102 bürünc) atletlər paytaxt yarışlarında 96 (34 qızıl, 19 gümüş, 43 bürünc), dövlət qurumlarının əməkdaşları arasında keçirilən turnirlərdə 19 (6 qızıl, 8 gümüş, 5 bürünc), digər yarışlarda isə 182 medala (52 qızıl, 54 gümüş, 76 bürünc) sahib olublar.


