Bu gün Azərbaycan millisi yoldaşlıq görüşündə Albaniya ilə qarşılaşacaq.
Görüşlə bağlı fikirlərini öyrənmək üçün veteran futbolçu Tərlan Əhmədova müraciət etdik. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Bir neçə aydır ki, milli komandamız oyunlardan kənardır. Ayın 14-ü isə AÇ-2024 start götürür. Bu ərəfədə milli üçün oyun keçirmək böyük bir təcrübədir. Bilirsiniz ki, futbolçular məzuniyyətə çıxdığı vaxtda formadan rahatlıqla düşə bilərlər. Bu baxımdan yoxlama oyunları çox vacibdir. Bəzi klublar avrokuboklarda iştirak edəcək. Bu səbəbdən də müəyyən futbolçularımız üçün məzuniyyət olmayacaq. Oyunçuların tonusda qalması önəmlidir. Futbolçular millini bu yoxlama oyunlarında yüksək səviyyədə təmsil etməlidirlər. Son matçlarda Arif Əsədovun başçılığı altında milli yaxşı oyunlar sərgiləyib. Bakıda keçirilən turnirdə biz bunun şahidi olduq. Albaniya və Qazaxıstanla oyunlar təcrübə olacaq. Ümid edirəm ki, yığma komandamız qalib gəlsin. Ən əsası gözəl və baxımlı oyun nümayiş etdirməkdir. Bu oyunlarda Arif Əsədova və onun idarə edəcəyi heyətə uğurlar arzu edirəm”.